TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Keyfiyyətin idarə olunması şöbəsinin əməkdaşları tərəfindən tabeli tibb müəssisələrində fəaliyyət göstərən keyfiyyətin idarə olunması üzrə mütəxəssislərə təlim keçirilib.
15-16 may tarixlərində TƏBİB tabeli tibb müəssisələrində çalışan keyfiyyətin idarə olunması üzrə mütəxəssislər üçün növbəti təlim təşkil olunub.
İlk olaraq tibb müəssisələrində yeni işə qəbul olunan keyfiyyətin idarə olunması üzrə mütəxəssislər işə başladıqdan sonra gördükləri işlər barəsində məlumat vermişlər. Daha sonra təlim proqramı çərçivəsində 15 may tarixində “Yıxılma riskinin qiymətləndirilməsi (İtaki II, Harizmi) vərəqəsinin doldurulması” qaydaları mövzusunda təqdimat keçirilib. Təlim zamanı vərəqənin düzgün doldurulması qaydaları izah edilib, iştirakçılara metodoloji dəstək göstərilib və onların sualları ətraflı şəkildə cavablandırılıb.
16 may tarixində keçirilmiş növbəti təlim “Cərrahi təhlükəsizlik üzrə yoxlama vərəqəsinin doldurulması” qaydaları mövzusuna həsr olunub. Təlim çərçivəsində cərrahi əməliyyat zamanı təhlükəsizliyin təmin olunması məqsədilə anesteziyadan əvvəl, cərrahi kəsikdən əvvəl və pasiyent əməliyyatxananı tərk etməzdən əvvəl görülməli tədbirlər kimimərhələdən ibarət olan prosedurlar müzakirə edilib.
Bu mərhələlər üzrə yoxlama vərəqəsinin düzgün və tam şəkildə doldurulması ilə bağlı ətraflı məlumat təqdim olunub və iştirakçıların bu mövzularda sualları cavablandırılıb.
Bu cür tədbirlər Keyfiyyətin idarəolunması şöbəsi tərəfindən TƏBİB-in tibb müəssisələrində tibbi xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin olunması və peşəkar biliklərin artırılması istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətlərin bir hissəsidir.