Yeni Klinikanın Tibbi Tədris – Simulyasiya Mərkəzində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinin sterilizasiya otaqlarına cavabdeh tibb bacıları üçün növbəti “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya" təlimi təşkil olunub.
Yeni Klinikanın Sterilizasiya bölməsinin müdiri Nazim Orucəliyev tərəfindən keçirilən üç hissəli təlim nəzəri və praktiki biliklərin təkmilləşdirilməsinə yönəlib. Nəzəri hissədə mərkəzi sterilizasiya şöbəsinin iş prinsipləri, nəzarət və sənədləşmə qaydaları, peşə riskləri və fərdi qoruyucu vasitələrdən istifadə mövzuları əhatə olunub.
Praktik hissədə isə tibbi alətlərin qəbulundan təmizlənmə, dezinfeksiya, qablaşdırma və sterilizasiya mərhələlərinədək bütün proseslər, eləcə də steril materialların saxlanılması və sənədləşdirilməsi qaydaları nümayiş etdirilib.
Təlimin məqsədi sterilizasiya proseslərinin təhlükəsizliyini artırmaq, tibb personalının peşəkar bacarıqlarını gücləndirmək və infeksiyalara nəzarətin effektivliyini yüksəltməkdir.
Qeyd edək ki, Mərkəzdə daha əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan digər tibb müəssisələrinin sterilizasiya otaqlarına cavabdeh tibb bacıları üçün “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya" təlimi təşkil olunub.
