15 noyabr – Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü münasibətilə neonatal xidmətin inkişafı, vaxtından əvvəl doğulmuş körpələrə göstərilən tibbi yardımın keyfiyyətinin artırılması və bu sahədə çalışan mütəxəssislərin bilik və praktiki bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Yeni Klinikada tədbir keçirilib.
Tədbirin əsas məqsədi vaxtından əvvəl doğulmuş körpələrin həyatının ilk saatlarında düzgün və vaxtında tibbi müdaxilənin əhəmiyyətini vurğulamaq, neonatal reanimasiya və təhlükəsiz daşınma sahəsində müasir yanaşmaları müzakirə etmək, həmçinin ana südünün önəminə və ailənin müalicə prosesində iştirakının vacibliyinə diqqət çəkmək olub.
Tədbirdə TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Vəfa Hacıyeva, Yeni Klinikanın həkim-neonatoloqu Könül Əliyeva və Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının assistenti İlhamə Mirzəyeva məruzə ilə çıxış ediblər.
Tədbirin moderatorları Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rüstəm Hüseynov olub.
Proqramın praktiki hissəsində iştirakçılar üçün iki istiqamət üzrə modul təlimləri təşkil edilib.
“İlkin stabilizasiya” modulunda vaxtından əvvəl doğulmuş körpələrin reanimasiyası və Neonatal Reanimasiya Protokolunun (NRP) praktik tətbiqi üzrə bacarıqlar təkmilləşdirilib.
“Təhlükəsiz daşınma” modulunda isə kritik vəziyyətdə olan yenidoğulmuşların daşınmasından əvvəl stabilizasiyası, tibbi avadanlıqların hazırlanması və daşınma zamanı yarana biləcək kəskin vəziyyətlərin idarə olunması məsələləri praktiki şəkildə nümayiş etdirilib.
