Ağciyər Xəstəlikləri Mərkəzində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələrinin, eləcə də səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə TƏBİB-in İcraçı direktorunun müşaviri Töhfə Cəmilova, struktur bölmə rəhbərləri, Qazaxıstan Respublikası Parlamenti Sosial və Mədəni İnkişaf Komitəsinin üzvü Güldara Nurumova, Ekologiya və Təbiətdən İstifadə Komitəsinin üzvü Azhar Saqandıkova, Qlobal Vərəm Kokusunda tütünə nəzarət proqramının rəhbəri Alesya Matuseviç iştirak edib.
T.Cəmilova qonaqlara xəstələrin diaqnostikası, müalicəsi, pasiyentlərə dərmanların ünvanlarda çatdırılması və profilaktik tədbirlər istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, həmçinin vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən təqdimatlar və videoçarxlar nümayiş olunub.
Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlər, xəstələrin diaqnostikası və müalicəsində tətbiq olunan müasir yanaşmalar barədə qonaqları maraqlandıran suallar cavablandırılıb, beynəlxalq təcrübənin öyrənilməsi, gələcək əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Ağciyər Xəstəlikləri Mərkəzinin mobil skrininq avtomobilinə baxış keçirilib. Qonaqlara avtomobildə quraşdırılmış və vərəmin diaqnostikasında tətbiq edilən müasir texnoloji avadanlıqlar, o cümlədən vərəmin diaqnostikasında tətbiq edilən süni intellekt dəstəkli radioloji cihazlar, mobil laboratoriya və qan testləri barədə ətraflı məlumat verilib.
Bu istiqamətdə aparılan təcrübə mübadiləsi mütəxəssis hazırlığının dəstəklənməsinə və vərəmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.