TƏBİB və İsrailin Soroka Tibb Mərkəzi arasında əməkdaşlıq çərçivəsində Respublika Pediatriya Mərkəzi və Şamaxı Rayon Mərkəzi Xəstəxanasında İsraildən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə uşaqlar üçün tibbi müayinələr təşkil olunub.
Tibbi aksiya zamanı uşaq endokrinoloqu Eli Hershkovitz, uşaq kardioloqu Hanna Krymko və uşaq qastroenteroloqu Yerushalmi Baruch tərəfindən hər iki tibb müəssisəsində uşaqlar ixtisaslaşmış tibbi müayinələrə cəlb olunub, ümumilikdə 130-a yaxın uşağa 300-dən çox tibbi xidmət göstərilib.
Müayinələr çərçivəsində uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib, zəruri tibbi müayinələr aparılıb, valideynlər məlumatlandırılıb və müvafiq tibbi tövsiyələr verilib.
Təşkil olunan tibbi aksiyanın məqsədi həmçinin regionlarda yaşayan uşaqların yüksək ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaq, uşaqların sağlamlığının qorunmasına dəstək vermək, eyni zamanda beynəlxalq tibbi əməkdaşlığın inkişafına və müasir tibbi təcrübənin paylaşılmasına töhfə verməkdir.