banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ravil Qənbərov: “Dağlıq ərazilərdə yaşayan hamilə qadınlar üçün teletibb xidmətinin tətbiqinə hazırlaşırıq”

loader

“Ən ucqar kənddə də vətəndaşımıza tibbi xidmət göstərmək istəyirik”.

 “Son bir ildə Yardımlı rayonunda səyyar tibbi xidmətlərin əhatə dairəsi genişləndirilib”.

“Dağlıq ərazilərdə yaşayan hamilə qadınlar üçün teletibb xidmətinin tətbiqinə hazırlaşırıq”.

“Rayon xəstəxanasında hemodializ xidmətinin təşkilini planlaşdırırıq”.

 

- Ravil həkim, xoş gördük sizi!

İlk olaraq, Yardımlı Rayon Mərkəzi Xəstəxanası haqqında məlumat verməyinizi xahiş edirik.


- Yardımlı Rayon Mərkəzi Xəstəxanası Azərbaycanın ən çətin tibbi-coğrafi ərazilərindən birində - İran İslam Respublikası ilə sərhəddə, Talış dağlarında yerləşir. Bura 88 yaşayış məntəqəsini əhatə edən təxminən 69 min əhaliyə tibbi xidmət göstərən bir xəstəxanadır.

Müəssisənin strukturuna 1 mərkəzi xəstəxana (90 çarpayı), 3 ailə sağlamlıq mərkəzi, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi daxildir. Mərkəzi xəstəxanada Poliklinika, Terapiya, Cərrahiyyə, Reanimasiya, Doğum və ginekologiya, Yoluxucu xəstəliklər, Təcili tibbi yardım şöbələri fəaliyyət göstərir.

- 1 ilə yaxındır ki, tibb müəssisəsinə rəhbərlik edirsiniz. Fəaliyyətiniz dövründə hansı dəyişikliklər baş verib?

- Fəaliyyətim dövründə əsas diqqət həm infrastrukturun gücləndirilməsinə, həm də tibbi xidmətlərin əlçatanlığının artırılmasına yönəlib.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Çanaxbulaq Ailə Sağlamlıq Mərkəzinin tikintisi reallaşdırılıb ki, bu da region üçün mühüm addımdır.

Dağlıq ərazilərdə yaşayan əhali üçün səyyar tibbi xidmətlər genişləndirilib, 65 yaşayış məntəqəsi əhatə olunub, 2 000-dən çox müraciət qəbul edilib, 3 000-dən artıq tibbi-laborator müayinələr aparılıb.

Kadr potensialının gücləndirilməsi məqsədilə “Doğma Torpağa Dəstək” - Yardımlı həkimlərinin I Qurultayı təşkil edilib, müxtəlif bölgələrdən mütəxəssislər cəlb olunub və yerli həkimlərlə əməkdaşlıq genişləndirilib.

Profilaktik yanaşma çərçivəsində “Dərsimiz - Sağlamlıq” proqramı həyata keçirilib, məktəblərdə sistemli maarifləndirmə təşkil olunub. “Fərqindəlik ayı” kampaniyası və digər təşəbbüslərlə yüzlərlə vətəndaş əhatə olunub.

Bununla yanaşı, qanvermə aksiyaları təşkil edilib, tibbi heyət üçün mütəmadi təlimlər keçirilib, ictimai və təhsil müəssisələrində maarifləndirmə tədbirləri genişləndirilib.

Eyni zamanda müəssisənin maddi-texniki bazası gücləndirilib, yeni tibbi avadanlıqlar istifadəyə verilib və dərman təminatı mütəmadi şəkildə həyata keçirilib.

Ümumilikdə, görülən işlər tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və əhali üçün daha əlçatan səhiyyə modelinin formalaşdırılmasına xidmət edib.

- Tibb müəssisəsinə il, ay və gün ərzində nə qədər müraciət daxil olur?

- 2025-ci il üzrə ümumilikdə 37 137 müraciət qeydə alınıb və 124 131 tibbi xidmət göstərilib. Ambulator müraciətlər 36 716, stasionar müraciətlər isə 421 olub.

Təcili tibbi yardım üzrə 6 652 çağırış icra edilib, 132 pasiyent təxliyə olunub. İl ərzində 251 cərrahi əməliyyat aparılıb, 126 doğuş baş tutub, 96 ginekoloji təxliyə həyata keçirilib. 3 000-dən çox vətəndaş profilaktik müayinələrə cəlb olunub.

Aylıq orta göstərici təxminən 4 000 müraciət və 12 000 tibbi xidmət təşkil edir. Günlük isə orta hesabla 130-140 müraciət və 350-400 xidmət qeydə alınır.

- Hansı tibbi xidmətlər üzrə daha çox çətinlikləriniz var?

- Statistik göstəricilər göstərir ki, ən böyük tələbat ambulator xidmətlərə - xüsusilə USM, laboratoriya, rentgen müayinələrinədir və bu sahələrdə xidmətlər stabil şəkildə təşkil olunub. Təcili tibbi yardım xidməti də əsas yükü daşıyan istiqamətlərdəndir.

Çətinliklərə gəldikdə isə xüsusilə dağlıq relyef və yol infrastrukturu tibbi xidmətlərə əlçatanlığa müəyyən qədər təsir edir.  Bəzi tibb məntəqələrinin qəzalı olması da bizim üçün çətinliklər yaradan məqamlardadır. Eyni zamanda bəzi ixtisaslar üzrə xidmətlərin tam şəkildə təşkili üçün həm müasir avadanlıqlara, həm də ixtisaslaşmış kadrlara ehtiyac var.

- Kadr məsələsinə toxunmuşkən deyə bilərsinizmi hazırda bu baxımdan sizdə vəziyyət necədir? Həkim çatışmazlığı varmı?

- Kadr məsələsi dağlıq və ucqar bölgələr üçün ümumi problemdir. Müəssisədə bir sıra ixtisaslar üzrə həkim-nevroloq, həkim-kardioloq, həkim-dermatoveneroloq, həkim-mama-ginekoloq, həkim-pediatr, həkim-oftalmoloq, həkim-ümumi cərrah və həkim-uroloqlara ehtiyac mövcuddur.

Problemin qismən həlli üçün 0,5 ştat üzrə xarici əvəzçilik mexanizmi tətbiq olunub və bu çərçivədə 10-a yaxın həkim cəlb edilib. Hazırda sözügedən istiqamətdə işlərimiz davam etdirilir.

- Gələcək plan və hədəfləriniz nələrdir?

- 2026-cı il üzrə əsas prioritetlər infrastrukturun gücləndirilməsi, xidmətlərin genişləndirilməsi və kadr potensialının artırılmasıdır.

Çanaxbulaq Ailə Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi, mərkəzi xəstəxananın əsaslı təmiri, lift və pandusun quraşdırılması planlarımız arasındadır. Eyni zamanda təcili cərrahiyyə modelinin tətbiqi və teletibb sahəsində inkişaf nəzərdə tutulur.

Səyyari xidmətlərin genişləndirilməsi, dağlıq ərazilərdə yaşayan hamilə qadınlar üçün teletibb xidmətinin tətbiqi və rayonda hemodializ xidmətinin təşkili də əsas hədəflərdəndir.

Ümumi məqsədimiz region üçün davamlı, əlçatan və müasir səhiyyə modelinin formalaşdırılmasıdır.

Qeyd edək ki, Ravil Qənbərov Həbib oğlu 14 may 1988-ci ildə Azərbaycanın Yardımlı rayonunun Şəfəqli kəndində anadan olub. Orta təhsilini Yardımlı rayon Şəfəqli kənd orta məktəbində başa vurub. Ali təhsilini Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin Tibb fakültəsində Müalicə işi ixtisası üzrə alıb.

O, fəaliyyətinə Türkiyənin müxtəlif tibb müəssisələrində təcili tibbi yardım üzrə həkim, şöbə müdiri kimi başlayıb.

Bakı şəhərindəki özəl tibb müəssisəsində fəaliyyətini davam etdirən R.Qənbərov təcili tibbi yardım üzrə həkim, Evdə tibbi xidmət şöbəsinin müdiri, eləcə də Qarabağ FK və Neftçi FK-nın UEFA oyunlarında tibbi koordinator kimi çalışıb.

Yeni Klinikada Evdə tibbi xidmət şöbəsinin müdiri olan R.Qənbərov daha sonra Yardımlı Rayon Mərkəzi Xəstəxanasının İlkin səhiyyə xidmətinin rəhbəri olub. 2025-ci ilin mart ayından etibarən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin olunub.

 

loader
loader
loader
loader
loader