banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Nərgiz Əliyeva: “Siyəzəndə Psixi Sağlamlıq və Tibbi Reabilitasiya Mərkəzi yaradılacaq”

loader

“İdarəçi təbiblər” layihəsi davam edir.

“Siyəzəndə Oftalmoloji Mərkəzin yaradılması nəzərdə tutulub”.

“Son bir ildə komandamıza 20-dən çox həkim cəlb edə bilmişik ki, region xəstəxanası üçün kifayət qədər müsbət hadisədir”.

“TƏBİB-in dəstəyilə laporoskop, müasir oftalmoloji müayinə cihazı, rentgen, hemodializ aparatı, laborator analizator və s. çoxsaylı tibbi avadanlıqlar alınıb”.

“Bütün şöbələrdə təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb”.

“Nozoloji prinsiplərə uyğun pəhriz masaları tərtib olunub”.

 

“İdarəçi təbiblər” layihəsində növbəti müsahibimiz Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru Nərgiz Əliyevadır.

                                                                

-Hər vaxtınız xeyir, Nərgiz xanım!  

İlk olaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanası haqqında qısa bir arayış verməyinizi xahiş edirik.

-Tibb müəssisəsi rayonun və ölkənin şimal regionunun əhalisinə ixtisaslaşdırılmış tibbi yardımı təmin edən müalicə profilaktika müəssisəsidir.

Xəstəxana 76 çarpayıdan (Terapiya şöbəsi 20, Cərrahiyyə şöbəsi 20, Doğum şöbəsi 20, Uşaq şöbəsi 10, Anesteziologiya və reanimasiya şöbəsi 6 çarpayı) ibarətdir.

Tibb müəssisəsinin nəzdində 2 ailə sağlamlıq mərkəzi (Yenikənd-Zarat), 3 həkim məntəqəsi (Məşrif, Dağquşçu, Böyük Həmyə) və 8 tibb məntəqəsi (Həmyə, Sədan, Yanıq Ələz, Gil-gilçay, Eynibulaq, Qozağacı, Beşdam, Tağay) fəaliyyət göstərir.

Siyəzən Rayon Mərkəzi Xəstəxanası və tabeli müəssisələri tərəfindən 46 mindən çox əhaliyə xidmət göstərilir.

- Siyəzən əhalisi ən çox hansı tibbi xidmətlərlə bağlı tibb müəssisəsinə müraciət edirlər?

-Hər il olduğu kimi cari ildə də Siyəzən əhalisi xəstəxanamızın bütün xidmətlərindən istifadə edir. Bunlardan laborator və radioloji xidmətlər isə üstünlük təşkil edir. 2025-ci ilin ilk 7 ayı ərzində vətəndaşlara göstərilən laborator xidmətlərin sayı 94 256, radiologiya xidmətlərinin sayı isə 18 096 olub.

-Tibb müəssisəsinə edilən müraciətlərlə bağlı statistik göstəricilər maraqlıdır.

-Gün ərzində 300-600 nəfərin müraciəti qeydə alınır ki, onlara ümumilikdə 500-dən çox tibbi xidmət göstərilir. İl ərzində isə müraciət sayımız 60 mini ötür.

-Artıq bir ildir ki, tibb müəssisəsinə rəhbərlik edirsiniz. Bu müddətdə hansı dəyişikliklər və yeniliklər olub?

-Tibb müəssisəsində xidmətin keyfiyyəti artıb, eləcə də vətəndaşların məmnunluq səviyyəsi yüksəlib. Demək olar ki, bütün şöbələrdə təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb. Mətbəxi tamamilə yeniləmişik, nozoloji prinsiplərə uyğun pəhriz masalarının tərtibi aparılıb.

Müvafiq şöbələrdə tibbi avadanlıqlar yenilənib. TƏBİB-in dəstəyilə yeni rentgen aparatı, onikikanallı elektrokardioqramma, hemodializ aparatı, laporoskopik əməliyyatlar üçün laporoskop cihaz, müasir oftalmoloji müayinə cihazı, biokimyəvi tam avtomatik laborator analizator alınıb və quraşdırılıb.

-Səhv etmirəmsə, xəstəxana ilə bağlı ən son yeniliklərdən biri də çəpgözlük əməliyyatının icrasına başlamanız idi...

-Bəli, bu bizim üçün, region üçün kifayət qədər gözəl hadisə idi. Buna ehtiyac var idi. Amma onu da sizə bildirim ki, adıçəkilən əməliyyatdan əlavə tibb müəssisəsinin həkim-oftalmoloqları tərəfindən Avastin inyeksiyasının tətbiq edilməsi planlaşdırılır. Oftalmoloji Mərkəz yaradıldıqdan sonra həm həkimlərimizin sayının artması, həm də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində oftalmoloji xidmətlərin sayının artırılmasını nəzərdə tutmuşuq.

- Görünən odur ki, gələcək planlarınız çoxdur. Yaxşı, daha hansı yenilikləri görmək imkanımız var?

-Vətəndaşlarla təşkil olunan görüşlərdə Siyəzən rayonunda sağlamlıq imkanları məhdud olan uşaqların sayının 500-ə yaxın olduğunu gördük. Sağlamlıq imkanları məhdud olan uşaqların sağlamlıq vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində tibb müəssisəsinin nəzdində Psixi Sağlamlıq və Tibbi Reabilitasiya Mərkəzinin açılmasını, mərkəzə həkim-mütəxəssislərin cəlbi barədə müzakirələr apardıq. Qeyd edim ki, mərkəzin yaradılması ilə bağlı tərəfimizdən TƏBİB-ə müraciət olunub və təklifimiz müsbət qarşılanıb. Hazırda bu istiqamətdə işlərimiz davam etdirilir.

Eyni zamanda Siyəzəndə Oftalmoloji Mərkəzin yaradılması, travmatoloji əməliyyatların icrası üçün müasir avadanlıqların, endoskopik sistemin və ürəyin doppler exokardioqrafiya cihazınının quraşdırılması nəzərdə tutulub.

-Məlumdur ki, xüsusilə regionlarda həkim çatışmazlığı məsələsi gündəmdədir. Bu məsələdə necə, nəyi bacarmısınız?

-Tibb müəssisəsinə direktor təyin olduğum müddətdən indiyədək 22 həkim-mütəxəssislə müqavilə bağlamışıq. Bu region xəstəxanası üçün kifayət qədər müsbət hadisədir. Oftalmoloq, terapevt, dermatoveneroloq, psixoloq, infektsionist və s. mütəxəssislər hazırda tibb müəssisəsində fəaliyyət göstərir, vətəndaşlara xidmət edir. Planda bir neçə ixtisas üzrə həkimlərin də cəlb edilməsi nəzərdə tutulub.

Əlavə edim ki, tibb müəssisəsində fəaliyyətə başlayan klinik psixoloqlar həm uşaqlarla, həm də əhali ilə birgə işləyirlər.  Onlar tərəfindən autizm spektr pozuntusu, əqli gerilik (intellektual inkişaf geriliyi), disleksiya (oxu və yazı pozuntusu), hiperkinetik pozuntu (diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu), selektiv mutizm, stresə bağlı psixoloji pozuntular, posttravmatik stres pozuntusu, travma sonrası stres reaksiyaları və d. tibbi xidmətlər göstərilməkdədir.

-Bu baxımdan sizin üçün olan üstünlüklərdən biri də paytaxtda yaxın olmanızdır. Bu, həqiqətən də bir üstünlükdürmü, işə yarayırmı?

-Bəli, elədir ki, var. Yeni 22 həkimimizin əksəriyyəti Bakı şəhərində yaşayırlar. Ərazi yaxın olduğu üçün onların gəlib burada xidmət göstərmələrində düşünürəm ki, o qədər də çətinlik yoxdur.

Tibb üzrə fəlsəfə doktoru Nərgiz Əliyeva 1996-2001-ci illər ərzində Azərbaycan Tibb Universitetində təhsil alıb. 2001-2005-ci illərdə V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Yoluxucu Xəstəliklər kafedrasının həkimi, 2005-2020-ci illərdə isə baş həkimi olub. 2020-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin, 2023-2024-cü illər ərzində isə 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru olub.

2024-cü ilin aprel ayından etibarən Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edir.

loader
loader
loader
loader
loader