“2025-ci ildə Mərkəz həm kliniki fəaliyyətini genişləndirib, həm də pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəldib”.
“Yaxın gələcəkdə mürəkkəb üz-çənə əməliyyatlarının icrası da mümkün olacaq”.
“Mikroskopik neyrocərrahiyyə əməliyyatlarına start verilməsi ilə bağlı hazırlıq işləri aparılır”.
“Torakal cərrahiyyə və digər mürəkkəb əməliyyatların icrasına başlamaq da əsas hədəflərimizdəndir”.
“Məqsədimiz müəssisələrdə göstərilən tibbi xidmətlərin ölkə üzrə nümunəvi modelə çevrilməsidir”.
– Elnur həkim, xoş gördük sizi!
İlk olaraq, Sumqayıt Tibb Mərkəzi haqqında məlumat verməyinizi xahiş edirik.
– Xoş gördük, təşəkkür edirəm!
Sumqayıt Tibb Mərkəzi regionun ən böyük, çoxprofilli və strateji əhəmiyyətli səhiyyə müəssisələrindən biridir. 2020-ci ildən vahid idarəetmə modelinə keçən Mərkəz hazırda 15 tibb müəssisəsini (6 xəstəxana, 7 ailə sağlamlıq mərkəzi, Perinatal Mərkəz və Stomatoloji poliklinika) özündə birləşdirir.
Mərkəzin əsas məqsədi regionda tibbi xidmətlərin əlçatanlığını, keyfiyyətini və pasiyent məmnunluğunu təmin etməkdir. Bu istiqamətdə aparılan islahatlar nəticəsində Sumqayıt Tibb Mərkəzi şəhərin 430 minə yaxın əhalisinə, o cümlədən 110 mindən çox uşağa yüksək səviyyəli tibbi xidmət göstərir.
Mərkəzin ümumi çarpayı fondu 1 085 yer təşkil edir ki, bu da şəhər və ətraf regionlarda hospitalizasiya tələbatını qarşılamağa imkan verir. Xidmət yalnız Sumqayıt sakinlərinə deyil, həmçinin Bakı, Abşeron, Quba, Qusar, Siyəzən, Şabran və digər bölgələrdən müraciət edən vətəndaşlara da göstərilir.
Son illər icbari tibbi sığorta sisteminin tətbiqi səhiyyə sahəsində əhəmiyyətli dəyişikliklər yaradıb. Sumqayıt Tibb Mərkəzi də bu sistem çərçivəsində vətəndaşlara yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlər təqdim edir.
Mərkəzin əsas vəzifəsi – hər bir vətəndaşa vaxtında, keyfiyyətli və təhlükəsiz tibbi yardım göstərməkdir. Bu gün Sumqayıt Tibb Mərkəzi həm müalicə müəssisəsi, həm də innovativ yanaşmaların tətbiq olunduğu, tibb elmi ilə praktikanın inteqrasiyasına şərait yaradan səhiyyə platformasıdır. Məqsədimiz müəssisələrdə göstərilən tibbi xidmətlərin ölkə üzrə nümunəvi modelə çevrilməsidir.
– Fəaliyyətiniz dövründə tibb müəssisəsində hansı dəyişikliklər baş verib?
– Ötən dövrdə əsas diqqətimizi idarəetmədə şəffaflığın, sistemliliyin və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəltmişik. Qısa müddət ərzində Mərkəzdə həm təşkilati, həm də infrastruktur baxımından mühüm dəyişikliklər həyata keçirilib.
İdarəetmə və nəzarət mexanizmləri təkmilləşdirilib. Artıq bütün tabeli müəssisələr üzrə hesabatlılıq, kadr uçotu, təchizat, dərman dövriyyəsi və tibbi xidmətlərin qeydiyyatı vahid elektron sistem üzərindən aparılır. Bu yanaşma həm şəffaflığı artırır, həm də qərarların operativ və dəqiq qəbulunu təmin edir.
2024-cü ilin ilk yarısından etibarən pasiyent məmnunluğu və xidmət keyfiyyəti üzrə yeni monitorinq sistemi tətbiq olunub. Vətəndaşların müraciətləri, şikayət və təklifləri mərkəzləşdirilmiş şəkildə toplanır, təhlil edilir və nəticələr əsasında struktur islahatlar həyata keçirilir.
Müalicə prosesinin keyfiyyətini artırmaq məqsədilə laboratoriya və diaqnostika avadanlıqları yenilənib, yeni analizatorlar, USM və rentgen sistemləri quraşdırılıb. Xidmət sahəsində diqqətçəkən yeniliklərdən biri – 2 nömrəli Xəstəxanada yeni Hemodializ şöbəsinin istifadəyə verilməsidir. Şöbə müasir dializ aparatları, su təmizləmə sistemi və təhlükəsiz monitorinq avadanlıqları ilə tam təchiz olunub.
Hazırda burada xroniki böyrək çatışmazlığı olan pasiyentlərə gündəlik dializ xidməti göstərilir. Yeni şöbənin fəaliyyətə başlaması nəticəsində Sumqayıt və ətraf rayonlardan Bakıya getmək məcburiyyətində qalan pasiyentlər artıq yerli səhiyyə müəssisəsində, rahat şəraitdə müalicə ala bilir. Bu, həm pasiyentlərin sağlamlığına, həm də sosial rifahına mühüm rahatlıq və dəstək gətirib.
2025-ci il Sumqayıt Tibb Mərkəzi üçün əməliyyat sahəsində məhsuldar il olub. Bu müddətdə mərkəzdə 155 yeni növ cərrahi əməliyyat uğurla icra edilib. Əməliyyatlar ortopediya, ümumi cərrahiyyə, uroloji, ginekologiya, oftalmologiya və digər ixtisasları əhatə edib.
Bütün əməliyyatlar müasir texnologiyalar tətbiq olunmaqla, təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilib. 2025-ci ildə Mərkəz həm kliniki fəaliyyətini genişləndirib, həm də pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəldib. Bu göstəricilər Mərkəzin cərrahiyyə sahəsində dinamik inkişafını və yüksək səviyyəli tibbi xidmət potensialını təsdiqləyir.
– Dəyişikliklərdən danışdınız, bəs gələcək planlarınız nədir?
– Son 1 il 10 ay ərzində Mərkəzin nəzdindəki tibb müəssisələrində 196 yeni tibbi xidmətin göstərilməsinə başlanılıb.
Gələcək planlarımız Sumqayıt Tibb Mərkəzinin xidmət spektrini daha da genişləndirmək, müasir tibbi avadanlıqlar tətbiq etmək və pasiyent məmnunluğunu daha da yüksəltmək istiqamətindədir.
Hazırda biz yeni şöbələrin açılmasını, əməliyyat otaqları və laboratoriyaların modernləşdirilməsini, həmçinin teletibb imkanlarının genişləndirilməsini planlaşdırırıq. Bu yeniliklər vətəndaşların yüksək texnologiyalı tibbi xidmətlərə daha rahat və operativ çıxışını təmin edəcək.
Gələcəkdə Mərkəz müasir texnologiyalar və innovativ yanaşmalar tətbiq edərək, mürəkkəb əməliyyatlar, yüksək tibbi məsrəf tələb edən xidmətlər və xüsusi diaqnostik prosedurlar sahəsində də öncül rol oynayacaq. Bu, eyni zamanda bölgədə səhiyyə sisteminin inkişafına mühüm töhfə verəcək.
Hazırda üz-çənə cərrahiyyəsi xidmətinin əsası qoyulub, yeni ştatlar təsdiqlənib və ixtisaslı üz-çənə cərrahı işə qəbul olunub. Yaxın gələcəkdə mürəkkəb üz-çənə əməliyyatlarının icrası da mümkün olacaq.
Digər istiqamətlərdən isə bildiyiniz kimi, Neyrocərrahiyyə şöbəmiz fəaliyyət göstərir. Hazırda mikroskopik neyrocərrahiyyə əməliyyatlarına start verilməsi ilə bağlı hazırlıq işləri aparılır. Eyni zamanda torakal cərrahiyyə və digər mürəkkəb əməliyyatların icrasına başlamaq da əsas hədəflərimizdəndir.
– Bu gün Sumqayıt Tibb Mərkəzi ən çox müraciət edilən müəssisələrdən biridir. Hazırda Mərkəzin fəaliyyət istiqamətləri hansılardır?
– Hazırda Sumqayıt Tibb Mərkəzinin fəaliyyət istiqamətləri çox genişdir və burada pasiyentlərə demək olar ki, bütün sahələr üzrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərilir.
Mərkəzdə təcili tibbi yardım və hospitalizasiya xidmətləri, həm uşaqlar, həm də böyüklər üçün poliklinik konsultasiyalar, müxtəlif ixtisaslar üzrə cərrahiyyə və yüksək texnologiyalı əməliyyatlar – o cümlədən ortopediya və neyrocərrahiyyə sahələri fəaliyyət göstərir.
Bundan əlavə, Mərkəzdə hemodializ və nefrologiya, perinatal və ginekoloji xidmətlər, laborator və radioloji diaqnostika, eləcə də stomatoloji xidmətlər mövcuddur. Bütün bu sahələr müasir avadanlıq və texnologiyalarla təmin olunub, bu da pasiyentlərin mürəkkəb əməliyyatlara və diaqnostik prosedurlara yerində çıxışını təmin edir.
Belə çoxprofilli fəaliyyət sayəsində Sumqayıt Tibb Mərkəzi yalnız şəhər sakinləri üçün deyil, həm də Bakı və digər bölgələrdən hospitalizasiya olunan pasiyentlər üçün regional səhiyyə mərkəzi rolunu effektiv şəkildə yerinə yetirir.
Mərkəz eyni zamanda xidmətlərin əlçatanlığını artırmaq və pasiyent məmnunluğunu maksimum səviyyəyə çatdırmaq üçün daim yenilənir və inkişaf etdirilir.
– Tibb mərkəzinin nəzdindəki müəssisələrə gün və ya ay ərzində nə qədər müraciət daxil olur?
– Sumqayıt Tibb Mərkəzində gündəlik pasiyent sayı 3 000–3 500, aylıq isə təxminən 81 000 nəfər təşkil edir. Göstərilən tibbi xidmətlərin sayı gündəlik 15 000–20 000, aylıq isə 420 000–450 000 arasında dəyişir.
Bu ilin ilk 9 ayı ərzində Mərkəzə daxil olan müraciətlərin sayı 1 069 283 ambulator və 29 608 stasionar olub. Eyni dövrdə həyata keçirilən xidmətlərin ümumi sayı isə 3 157 207 ambulator və 1 028 184 stasionar xidmət təşkil edib.
Mərkəzdə göstərilən xidmətlərin və qəbul edilən müraciətlərin bu qədər yüksək olması, Sumqayıt Tibb Mərkəzinin fəaliyyətinin səmərəli olduğunu və pasiyentlərə keyfiyyətli tibbi yardım göstərildiyini təsdiqləyir. Belə ki, 2024-cü ilin ilk 9 ayında 18 930 əməliyyat həyata keçirildiyi halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 20 709-a çatıb. Bu göstəricilər Sumqayıt Tibb Mərkəzinin əməliyyat və gündəlik xidmət sahəsində sabit və dinamik inkişaf etdiyini aydın şəkildə göstərir.
– Bəs vətəndaşların ən çox müraciət etdiyi xidmətlər hansılardır? Sözügedən sahələr üzrə aylıq statistik göstəricilər necədir?
– Sumqayıt Tibb Mərkəzinə ən çox müraciət edilən sahələr arasında laborator və radioloji xidmətlər, ümumi tibbi müayinələr, eləcə də xroniki xəstəliklərlə bağlı ixtisaslaşmış xidmətlər ön plandadır.
Xüsusilə endokrin sistem xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi, sidik–cinsiyyət sistemi, sümük–əzələ sistemi, həzm sistemi və sinir sistemi xəstəlikləri üzrə müraciətlərin sayı yüksəkdir. Bundan əlavə, göz xəstəlikləri, mamalıq və ginekologiya xidmətləri də ən çox tələbat olan sahələr sırasındadır.
Bu xidmətlər arasında xüsusilə endokrin və qan dövranı sistemi xəstəlikləri ilə bağlı müraciətlər üstünlük təşkil edir. Sözügedən sahələrdə göstərilən xidmətlər, xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, bu xidmət sahələrinə olan yüksək müraciət sayı əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və aradan qaldırılmasında Sumqayıt Tibb Mərkəzinin mühüm rol oynadığını bir daha təsdiqləyir.
– Günümüzün ən aktual mövzulardan biri kadr məsələləridir. Bilmək istərdik sizin müəssisədə həkim çatışmazlığı varmı? Varsa, bu problemi necə həll etməyə çalışırsınız? Ümumiyyətlə, Sumqayıt Tibb Mərkəzində kadr siyasəti necə heyata keçirilir?
– Hazırda Mərkəzdə 4 200-ə yaxın tibb işçisi fəaliyyət göstərir. Onların sırasında ixtisaslı həkimlər, tibb bacıları, feldşerlər, laboratoriya mütəxəssisləri və digər peşəkar kadrlar yer alır.
Son iki ilə yaxın müddətdə 120-dən çox həkim Mərkəzin tibb müəssisələrinə cəlb edilib. Artıq uşaq cərrahiyyəsi, kardiologiya, oftalmologiya, uroloji və travmatologiya xidmətlərində ixtisaslı uzman həkimlər fəaliyyət göstərir. Hər keçən gün Sumqayıt Tibb Mərkəzində çalışmağa maraq daha da artır.
Bununla yanaşı, bəzi ixtisaslar üzrə — xüsusilə nevrologiya, travmatologiya, dializ və yüksək ixtisas tələb edən sahələrdə həkim çatışmazlığı müşahidə olunur. Bu problemi həll etmək üçün Mərkəz çoxşaxəli kadr siyasəti həyata keçirir.
Əsas istiqamətlərdən biri mövcud həkim heyətinin bilik və bacarıqlarını artırmaq məqsədilə davamlı təlim və inkişaf proqramlarının təşkili, həmçinin motivasiya və əmək şəraitinin yaxşılaşdırılmasıdır. Bu yanaşma sayəsində Mərkəz həm xidmət keyfiyyətini yüksəldir, həm də kadr potensialını gücləndirərək əhalinin sağlamlıq ehtiyaclarını davamlı və effektiv şəkildə qarşılayır.
Qeyd etməliyəm ki, TƏBİB-in bu istiqamətdə apardığı işlər də fəaliyyətimizə mühüm töhfələr verir. Məsələn, TƏBİB-in “2025–2027-ci illər üzrə Strateji Planı” çərçivəsində əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və səhiyyə sisteminin səmərəliliyini yüksəltmək məqsədilə “Mentor Klinika” layihəsi icra olunur. Mərkəzimiz də həmin mentor klinikalardan biridir və biz Cəlilabad Rayon Mərkəzi Xəstəxanası ilə bir çox istiqamətdə sıx əməkdaşlıq edirik.
“Mentor Klinika” layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən rayon mərkəzi xəstəxanasının tibb personalı üçün bilik və bacarıqların artırılmasına yönəlmiş təlimlər təşkil olunur. Eyni zamanda mütəxəssislərimiz Cəlilabadda tibbi müayinələr aparır, yerlərdəki vəziyyətin öyrənilməsi və təhlili məqsədilə tibb heyəti ilə görüşlər keçirirlər. Müəssisələr arasında əməkdaşlığın gücləndirilməsi, klinik protokolların optimallaşdırılması və idarəetmədə müasir yanaşmaların tətbiqi ilə bağlı görüləcək işlər də müzakirə olunur.
– Sumqayıt Perinatal Mərkəzinin fəaliyyəti barədə də danışmağınızı istərdik.
– Perinatal Mərkəz regionda perinatal və neonatal patologiyalar üzrə xidmət göstərən ən qabaqcıl və aparıcı tibb müəssisələrindən biridir. Burada neonatal reanimasiya və intensiv terapiya, neonatal cərrahi, laparoskopik və ginekoloji əməliyyatlar həyata keçirilir.
Mərkəzdə prenatal və neonatal skrininqlər, o cümlədən topuq testləri tətbiq olunur. Həmçinin katamnestik izləm kabinetində xəstə və vaxtından əvvəl doğulmuş uşaqların sağlamlığı daimi nəzarətdə saxlanılır. Bu, erkən müdaxilə və sağlam inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
– İxtisasca kardioloqsunuz. Son illərdə ürək-damar xəstəliklərinin artmasının şahidi oluruq. Bunun səbəbləri nələrdir?
– Bəli, ixtisasca kardioloqam və uzun illər bu sahədə fəaliyyət göstərmişəm. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 18 milyondan çox insan ürək–qan damar xəstəliklərindən dünyasını dəyişir. Digər statistik göstəricilərə əsasən, ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinci yerdədir.
Bu xəstəliklərin gəncləşməsi və artmasının əsas səbəbi insanların həyat tərzidir. Oturaq həyat tərzi, düzgün qidalanmamaq, sağlamlığa biganə yanaşma, siqaret çəkmək, energetik içkilərdən həddindən artıq istifadə və artan stres amilləri əsas risk faktorları sırasındadır. İnsanlar bilməlidirlər ki, bu xəstəliklərin qarşısını almaq mümkündür — bunun üçün həyat tərzi dəyişdirilməli, arterial təzyiqə və şəkər səviyyəsinə nəzarət edilməli, sağlam qidalanma prinsiplərinə əməl olunmalıdır.
Ümumiyyətlə, kişilərdə ürək-damar xəstəliklərinin rastgəlmə tezliyi qadınlara nisbətən daha çoxdur. Lakin qadınlarda menopoz dövründən sonra bu fərq azalır və statistik göstəricilər bir-birinə yaxınlaşır. Bu da onu göstərir ki, qadın cinsi hormonları – xüsusilə estrogenlər – xolesterin səviyyəsini azaldan (hipolipidemik) təsirə malikdir və ürəyi müəyyən qədər qoruyur.
Kişilərdə isə testosteron hormonunun səviyyəsi qanda xolesterinin toplanmasına birbaşa təsir göstərir. İdman zallarında əzələ kütləsini artırmaq məqsədilə istifadə olunan anabolik steroidlər və testosteron tərkibli preparatların nəzarətsiz istifadəsi son illərdə ürək-damar hadisələrinin, xüsusilə də ani ölümlərin artmasına səbəb olur. Bu preparatlar ürək ritm pozğunluqları, infarkt və digər ciddi fəsadlarla nəticələnə bilər.
– Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün nələrə diqqət edilməlidir? Hansı profilaktik tədbirlər daha vacibdir?
– Ani ölüm adətən ürək mənşəli olur. İnsan heç bir şikayət hiss etmədən qəfil həyatını itirə bilər və bu hallar, adətən, ürək ritminin pozulması (aritmiya) nəticəsində baş verir. Ürəyin qəfil dayanması və fibrilasiya halları aritmojenik hadisələr adlanır və çox vaxt genetik mənşəli kanalopatiyalarla əlaqədardır.
Belə patologiyalara Uzun QT sindromu, Brugada sindromu və Wolff–Parkinson–White sindromu daxildir. Bunlar ürəyin elektrik ötürmə sistemindəki genetik pozğunluqlardır və qəfil ürək dayanmasına gətirib çıxara bilər.
Eyni zamanda qohum evliliklərinin çoxluğu da bu genetik ürək patologiyalarının artmasına səbəb olur. Son illərdə bu istiqamətdə ölkə səviyyəsində maarifləndirmə və profilaktik tədbirlər həyata keçirilir. Qohum evliliklərinin azaldılması bu baxımdan çox önəmlidir və müsbət nəticə verəcək.
30–35 yaşdan yuxarı hər bir şəxs ildə ən azı iki dəfə kardioloq müayinəsindən keçməlidir.
Bu zaman lipid spektri (xolesterin və trigliseridlər), qanda qlükoza və qlikahemoglobin səviyyəsi, insulin göstəriciləri və arterial təzyiqin monitorinqi kimi parametrlərə nəzarət vacibdir. Bu müayinələr gizli gedən kardioloji patologiyaların vaxtında aşkarlanmasına və ani ölüm risklərinin azalmasına ciddi kömək göstərir.
Əlavə edim ki, dünyanın bir çox ölkələrində “Mavi Kod” sistemi tətbiq olunur. Hazırda bizim bütün tibb müəssisələrimizdə də bu kod sistemi fəaliyyət göstərir. Sistem xəstəxanalarda baş verən kardiyak arest (ürəyin qəfil dayanması) halında bütün tibbi personalın dərhal hərəkətə keçməsini təmin edir.
Bundan əlavə, inkişaf etmiş ölkələrdə hava limanlarında, avtovağzallarda və ticarət mərkəzlərində defibrilyator cihazları yerləşdirilir. Onların istifadəsi barədə təlimatlar ictimaiyyət üçün açıqdır və vətəndaşlara ilkin tibbi yardım bacarıqları öyrədilir. Düzgün və vaxtında aparılan kardio-pulmonar reanimasiya (CPR) — yəni ürək masajı və süni tənəffüs — çox hallarda insan həyatını xilas edir.
Elnur Azadxanov 1993–1999-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
2006-cı ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Kardiologiya ixtisası üzrə kliniki ordinaturanı bitirib.
2010-cu ildə Türkiyə Cümhuriyyəti Fırat Universiteti Tibb Fakültəsinin Kardioloji Araşdırma və Tətbiqetmə Mərkəzində invaziv kardiologiya üzrə ixtisasartırma təhsili alıb.
E.Azadxanov 2000–2002-ci illərdə Tərtər–Ağdərə istiqamətində yerləşən “N” saylı hərbi hissədə həkim kimi hərbi xidmətdə olub. 2003–2005-ci illərdə Cəlilabad rayonunun Göytəpə şəhərindəki Uşaq Xəstəxanasında həkim-pediatr, 2007–2011-ci illərdə isə Göytəpə şəhər xəstəxanasında həkim-terapevt vəzifəsində çalışıb.2011–2020-ci illərdə Cəlilabad Müalicə-Diaqnostika Mərkəzində Poliklinika şöbəsinin müdiri və həkim-kardioloq kimi fəaliyyət göstərib.
2020-ci ilin fevral ayında Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru, həmin ilin mart ayında isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
2024-cü ilin yanvar ayından etibarən Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edir.
Mərkəzin direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 18 iyun tarixli, 2693 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin və Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.