banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in departamenti rəhbəri Zamirə Ədilova Xəzər TV-nin "Xəbər ertəsi" verlişində tibb sahəsində həyata keçirilən yeniliklər barədə sualları cavablandırıb

loader
Reanimasiya çarpayı fondu necə tənzimlənir? Xəstəxanalarda onlayn növbə sisteminin tətbiqi növbə problemini nə qədər azalda bilər? Təcili yardım hansı çağırışlardan imtina edə bilər?
 
Sualları Xəzər TV-nin “Xəbər ertəsi” verilişində TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova cavablandırıb. (Verilişin vidoeyazısı)
 
TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələri 1200-dən çox reanimasiya çarpayı fondu ilə reanimasiya tədbirlərinə ehtiyacı olan, sağlamlıq halı ağır qiymətləndirilən xəstələrə xidmət göstərməkdədir. Bu çarpayıların 606-sı Bakı və Sumqayıt TƏB-i, 654-ü isə regionların payına düşür. Məqsəd bu xidmətə ehtiyacı olan pasiyentlərə keyfiyyətli xidmətin əlçatanlığını təmin etməkdir. Bu sahənin optimallaşdırılması üzrə atılan uğurlu addımlara baxmayaraq, resurs planlaşdırılması, ehtiyacların qiymətləndirilməsi və reanimasiya xidmətlərinin optimallaşdırılması məsələləri öz aktuallığını qorumaqdadır.
 
• Yoluxucu xəstəliklərin artması, pandemiyalar, yol-nəqliyyat hadisələri, sənaye qəzaları və məişət travmalarının baş verməsi, eyni zamanda invaziv müdaxilələrin və daha çox mürəkkəb cərrahi əməliyatların icra edilməsi kimi faktorlar yeni dünyamızda reanimasion tibbi xidmətlərə ehtiyacı artırmışdır. 
• Yeni tətbiq olunan cərrahi metodlar (ürək əməliyyatları, neyrocərrahiyyə, orqan transplantasiyası və s.) postoperativ dövrdə uzunmüddətli reanimasiya nəzarətini tələb edir. Yeni əməliyyat texnologiyaları daha əvvəl əməliyyat edilməsi riskli hesab olunan, yanaşı ağır xəstəlikləri olan xəstələrin də cərrahiyyə imkanlarını genişləndirir. Bu isə onların əməliyyatdan sonra intensiv nəzarətdə, həkim müşahidəsində saxlanılmasını zəruri edir. 
• TƏBİB fəaliyyətə başladığı müddətdən etibarən tabeliyində olan tibb müəssisələrində fiziki şəraitin yaxşılaşdırılmasına, eyni zamanda tibbi xidmətin keyfiyyətinin artırılmasına nail olub. Bu səbəblə əhalidə dövlət tibb müəssisələrinə qarşı inam yaranıb, istər ambulator, istərsə də stasionar aspektdə vətəndaşlar tərəfindən tibbi xidmətlərdən istifadə sayı və həcmi artıb. Bundan əlavə, özəl tibb müəssisələrində ödənişli tibbi xidmət alan və sonradan vəsait çatışmazlığından dövlət tibb müəssisələrinə təxliyyə olunmaq istəyən pasiyentlərin sayında da artım müşahidə olunur. 
• İnsult kimi xronik xəstəliyi olan pasiyentlərin reanimasiyaya ehtiyacının çox olması və bu hallarda uzun müddət bərpa müalicəsinin tələb olunması reanimasiya çarpayı dövriyyəsinə təsir edən əsas faktorlardandır.
 
Qeyd edilənlərin nəticəsində müəyyən periodlarda (xüsusilə bayram, qeyri-iş günlərində, mövsümi xəstəliklərin geniş yayıldığı dönəmlərdə) TƏBİB tabeli tibb müəssisələrində fasilələrlə də olsa reanimasion çarpayı fondunun çatışmazlığı qeydə alınır.
 
Nəzərinizə çatdıraq ki, 2025-ci ilin may ayı ərzində Sumqayıt və Bakı TƏB-i üzrə ümumilikdə 70 reanimasiya çarpayı fondu artırılıb. Sözügedən çarpayı fondunun 40 çarpayısı Məhəmmədi Modul Tipli Xəstəxananın yeni yaradılan ümumi Reanimasiya şöbəsində istifadəyə verilib. Qeyd edilən tarixdən şöbə terapevtik istiqamətdə reanimasiyaya ehtiyacı olan xəstələrə tibbi xidmət göstərməyə başlayıb. 
Region xəstəxanalarında reanimatoloji-ansetezioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Şəmkir-Tovuz TƏB-inə aid 5 rayon mərkəzi xəstəxanasından reanimasiya və anesteziologiya şöbələrində çalışan ümumilikdə 10 həkim və 40 orta tibb işçisi bu mövzuda Yeni Klinikada təşkil olunan nəzəri və praktik təlimlərə cəlb olunub. Qeyd edək ki, bu təlimlər davamlı olaraq keçiriləcəkdir. 
 
Onlayn növbə sisteminin bütün xəstəxanalarda tətbiq olunması gözlənilir? Bu sistem dövlət xəstəxanalarında növbə problemini nə qədər azalda bilər?
 
Vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətli şəkildə davam etdirilir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur və bu, səhiyyə xidmətlərinin keyfiyyətli, şəffaf və effektiv təşkilinə xidmət edir. Sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır. Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər.  Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Sıra məlumatı terminal ekranlarında əks olunur.
 
Hazırda bu sistem paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur və gələcəkdə digər müəssisələrə də tətbiqi nəzərdə tutulur. Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 16 tibb müəssisəsində 30-a yaxın, regionlarda isə 23 tibb müəssisəsində 40-dan çox elektron növbə terminalı və monitorlar quraşdırılıb. Son aylarda Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi qurulub istifadəyə verildi. Bərdə, Qazax, Şəmkir, Tovuz, Göygöl, Mingəçevir, Qobustan, Abşeron və digər tibb müəssisələrində də elektron növbə sistemi tətbiq olunur. 
 
Bundan əlavə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevu sistemi fəaliyyətdədir. Bununla da vətəndaşlar həkim qəbulu üçün onlayn qaydada növbə götürərək sözügedən tibb müəssisəsinə yaxınlaşa bilər. Gələcəkdə də bu proses davam etdiriləcək və mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək. 
 
Təcili yardımın gec gəlməsində səbəblər nədir? Təcili yardım hansı çağırışlardan imtina edə bilər? 
 
Təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqlarla təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı), tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir. 
Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. 
Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır. 
Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir.  Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır. Gün ərzində icra olunan çağırışların sayı 2 000-2 500 civarında olur. Onların arasında kifayət qədər  əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur.  Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda gecikmələrin olması da qaçılmazdır.
 
Təcili yardım aşağıdakı hallarda çağırışlardan imtina edə bilər: 
- Qan təzyiqinin yüngül dəyişməsi (hipertoniya, baş ağrısı və s.)
- Xroniki xəstəliklərin kəskinləşməsi olmayan halları (məsələn, şəkər, osteoxondroz)
- Soyuqdəymə, öskürək, qızdırmasız qrip simptomları
- Uzun müddətdir davam edən ağrılar (kəskin olmayan, həyat üçün təhlükə yaratmayan)
 
 Tibbi nəqliyyat xidməti ilə əlaqəli hallarda:
- Xəstənin planlı olaraq bir tibb müəssisəsindən digərinə köçürülməsi
- Müalicə və müayinəyə aparılma (poliklinikaya, xəstəxanaya)
- Evə yazılma zamanı daşınma
 
Sosial və ya qeyri-tibbi səbəblərlə çağırış:
- Evdə təzyiq ölçdürmək, iynə vurdurmaq üçün
- Xəstənin tək olması, yaxınlarının olmaması
- Sərxoş şəxslərin səbəbsiz çağırışı
 
Təcili yardımın məqsədi həyat üçün təhlükə yaradan və dərhal tibbi müdaxilə tələb edən hallara cavab verməkdir. Qeyri-təcili vəziyyətlər üçün poliklinikalar və ailə həkimləri fəaliyyət göstərir.