banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Nəhmət Rəhmanov: “Ağciyər Xəstəlikləri Mərkəzi cəmiyyətin “nəfəs alma keyfiyyətini” qoruyan mühüm bir səhiyyə dayağıdır”

loader

 “Vərəm halları ölkə üzrə tam nəzarətə götürülüb, xəstələrin qeydiyyat sistemi təkmilləşdirilərək rəqəmsallaşdırılıb”.

“Tənəffüs sistemi xəstəliklərinin diaqnostikası üçün mobil klinikaların yaradılması, səyyar müayinələrin genişləndirilməsi və əhatə dairəsinin artırılması planlaşdırılır”.

“Vərəm əleyhinə dərmanların xəstələrin ünvanlarına və ya qeydiyyatda olduqları ilkin səhiyyə xidməti müəssisələrinə çatdırılmasının təmin edilməsi əsas prioritetlərdəndir”.

“Kadr potensialı həm kəmiyyət, həm də keyfiyyət baxımından gücləndirilib”.

“İdarəçi təbiblər” layihəsində növbəti müsahibimiz Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanovdur.

-  Nəhmət həkim, xoş gördük sizi. İlk olaraq Ağciyər Xəstəlikləri Mərkəzi haqqında məlumat verməyinizi xahiş edirik. TƏBİB-in strukturunda bu Mərkəzin yaradılmasına hansı zərurət yarandı və onun fəaliyyəti ilə səhiyyə sistemində nələr dəyişdi?

- Müasir dövrdə ixtisaslaşmış tibbi mərkəzlərin yaradılması artıq sadəcə ehtiyac deyil, səhiyyə sisteminin əsas dayaqlarından biridir. Bu zərurət həm elmi-texniki tərəqqi, həm də əhalinin tibbi xidmətlərə artan tələbatı ilə bağlıdır. Artıq tibb elmi bir həkimin bütün sahələri əhatə etməsi mərhələsini geridə qoyub. Bu səbəbdən tibbi mərkəzlər hər bir orqan sistemi üzrə dərin bilik və təcrübəyə malik mütəxəssisləri bir araya gətirir və yüksək texnologiyalı diaqnostik avadanlıqların mərkəzləşdirilmiş şəkildə istifadəsini təmin edir.

Pasiyentlərin üzləşdiyi əsas çətinliklərdən biri diaqnozun təyin olunması və müalicə üçün müxtəlif tibb müəssisələrinə müraciət etmək məcburiyyətində qalmasıdır. Tibbi mərkəzlər bu problemi aradan qaldıraraq müayinə, analiz və müalicə proseslərinin eyni məkanda həyata keçirilməsinə şərait yaradır. Eyni zamanda həkimlərin multidisiplinar şəkildə birgə qərarlar qəbul etməsi pasiyentlər üçün daha dəqiq və effektiv müalicə imkanları formalaşdırır. Bu yanaşma “Vahid Pəncərə” prinsipi əsasında kompleks tibbi xidmətin göstərilməsinə imkan verir.

Bu cür mərkəzlərin fəaliyyəti resursların səmərəli idarə olunmasına və iqtisadi baxımdan daha effektiv sistemin qurulmasına xidmət edir. Tibbi ləvazimatların və texniki xidmətin mərkəzləşdirilmiş şəkildə idarə olunması xərclərin optimallaşdırılmasına səbəb olur.

Ağciyər Xəstəlikləri Mərkəzi yalnız bir müalicə müəssisəsi deyil, eyni zamanda cəmiyyətin “nəfəs alma keyfiyyətini” qoruyan mühüm bir səhiyyə dayağıdır. Bu mərkəz əhalinin sağlamlığının qorunmasında, erkən diaqnostikanın aparılmasında və effektiv müalicənin təşkilində xüsusi rol oynayır.

TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, vərəm əleyhinə müəssisələrin əmlak bazası əsasında “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb və TƏBİB-in tabeliyində fəaliyyət göstərən Xüsusiləşdirilmiş Vərəm Xəstəxanaları, vərəm dispanserləri, eləcə də 50 rayon mərkəzi xəstəxanasının ftiziatriya kabinetləri və vərəm şöbələri müvafiq olaraq Mərkəzin strukturuna daxil edilib. Bu da ölkə üzrə ağciyər xəstəlikləri ilə mübarizədə vahid və koordinasiyalı sistemin formalaşmasına şərait yaradıb.

Qeyd edilən müəssisələr Mərkəzin strukturunda transformasiya edilərək tənəffüs sistemi patologiyalarının müayinə və müalicəsi ilə məşğul olan 6 ixtisaslaşdırılmış poliklinika, 8 regional xəstəxana, 3 pulmonologiya xəstəxanası, uşaq xəstəxanası və doğum evi kimi fəaliyyət göstərən, eyni zamanda pulmonologiya, torakal cərrahiyyə və vərəm əleyhinə ixtisaslaşmış müasir tibbi müəssisələrə çevrilib. Bu çərçivədə mövcud infrastruktur bugünkü reallıqlara və əhalinin artan tələbatına uyğun şəkildə yenilənib, yeni tibbi xidmətlər yaradılıb.

Mərkəzin yaradılmasında əsas məqsəd əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadənin təmin edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, vərəmə qarşı mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması olub.

- Artıq bir ildən çoxdur ki, Ağciyər Xəstəlikləri Mərkəzi fəaliyyət göstərir. Bu müddət ərzində hansı yeniliklər həyata keçirilib?

- Bu müddət ərzində vərəm əleyhinə müəssisələrin təyinatı yenidən müəyyənləşdirilərək ixtisaslaşdırılmış tibb müəssisələri yaradılıb, onların infrastrukturu müasir tələblərə uyğun şəkildə yenilənərək fəaliyyət profillərinə uyğunlaşdırılıb.

Regional xəstəxanaların yaradılması əhalinin tənəffüs sistemi xəstəliklərinə, o cümlədən vərəm xəstəliyinin diaqnostika və müalicəsinə əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Yeni yaradılmış xəstəxanalarda reanimasiya və təcili tibbi yardım xidmətləri təşkil edilərək müasir standartlara uyğunlaşdırılıb.

Eyni zamanda müəssisələrin maddi-texniki bazası gücləndirilib, bu istiqamətdə ayrılmış vəsaitdən səmərəli və məqsədyönlü şəkildə istifadə olunub.

Vərəm halları ölkə üzrə tam nəzarətə götürülüb, xəstələrin qeydiyyat sistemi təkmilləşdirilərək rəqəmsallaşdırılıb, vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə milli və beynəlxalq protokollara uyğun vahid yanaşma və nəzarət mexanizmi tətbiq edilib.

Bununla yanaşı, kadr potensialı həm kəmiyyət, həm də keyfiyyət baxımından gücləndirilib,  diaqnostik imkanlar isə innovativ texnologiyaların tətbiqi hesabına artırılıb.

- Artıq Mərkəzin tabeliyində olan bir sıra müəssisələr əsaslı təmir olunaraq yenidən istifadəyə verilib. Bu istiqamətdə daha hansı yeniliklər nəzərdə tutulur?

- Tənəffüs sistemi xəstəliklərinin diaqnostikasında laborator xidmətin, xüsusilə də mikobakterioloji laborator xidmətin dəqiq və yüksək keyfiyyətli təşkili əsas prioritetlərdən biridir. Bu məqsədlə 5 regional mikobakterioloji laboratoriyanın yaradılması planlaşdırılıb və cari ilin ilk rübündə həmin laboratoriyaların istifadəyə verilməsi nəzərdə tutulur.

Eyni zamanda 13 regional şöbə və bölmədə rəqəmsal rentgen avadanlıqlarının quraşdırılması, eləcə də rentgen otaqlarında bioloji mühafizə sistemlərinin yaradılması istiqamətində işlər aparılır və bu prosesin cari ilin ilk 6 ayı ərzində yekunlaşdırılması planlaşdırılır.

Bununla yanaşı, torakal və ftizio-cərrahiyyə şöbələrinin istifadəyə verilməsi ilə xroniki və kəskin döş qəfəsi orqanları xəstəliklərinin cərrahi müalicəsinə başlanılması fevral–mart aylarında təmin olunması nəzərdə tutulub.

Regionlarda 4 ixtisaslaşdırılmış poliklinikanın və 3 regional xəstəxananın istifadəyə verilməsi də planlaşdırılır. Bu xəstəxanalardan ikisi qeyri-spesifik yoluxucu bronxopulmonar xəstəliklərin müalicəsi üzrə ixtisaslaşdırılmış müəssisələr kimi fəaliyyət göstərəcək.

- Mərkəzin tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı statistik göstəricilər də maraq doğurur. 2024 və 2025-ci illərin nəticələri hansı tendensiyaları göstərir?

- Aparılan təhlillər göstərir ki, son iki il ərzində vərəm və ağciyər xəstəlikləri üzrə əhəmiyyətli müsbət dinamika müşahidə olunmaqdadır.

Belə ki, 2024-cü il ilə müqayisədə 2025-ci ildə vərəmli xəstələrin ümumi sayı 12 faiz, həssas vərəmli xəstələrin sayı 19,4 faiz, yeni aşkarlanan xəstələrin sayı isə 12,7 faiz azalıb.

Uşaqlar arasında vərəm xəstəliyinin göstəricilərində də ciddi müsbət dəyişikliklər olub. Belə ki, uşaq vərəmli xəstələrin ümumi sayı 41,7 faiz, yeni aşkarlanan uşaq xəstələrin sayı 50 faiz, yeni həssas uşaq xəstələrin sayı 60,3, təkrar uşaq xəstələrinin sayı isə 40 faiz azalıb. Yeni həssas vərəm xəstələri arasında fibroz-kavernoz formaların payı da azalıb ki, bu da uşaqlar arasında aşkarlanmanın aktivləşmə göstəricisi hesab edilə bilər.

Müalicəyə cəlb olunan xəstələr arasında ölüm halları da əhəmiyyətli dərəcədə azalıb. 2024-cü illə müqayisədə 2025-ci ildə vərəmli xəstələr arasında ölüm halları 42,2 faiz, həssas xəstələr arasında 40 faiz, dərmanlara davamlı xəstələr arasında isə 46,3 faiz azalıb.

Stasionara daxil olduqdan sonra ilk üç gün ərzində baş verən ölümlərin ümumi sayda payı 29,9 faiz, vərəm müalicə proqramına qoşulmayan xəstələr arasında ölüm halları isə 17,9 faiz olub. Bu da öz növbəsində özbaşına müalicələrin və müalicədən imtina hallarının olmasına dəlalət edir. Belə halların qarşısının alınması üçün normativ hüquqi aktlara yenidən baxılması zəruridir.

Ambulator müalicə dövründə isə ölüm hallarının 48 faizi qeyri-vərəm səbəblərlə bağlı olub.

Yeni və ümumi xəstələrin sayında azalma müşahidə olunsa da, dərmanlara davamlı vərəm xəstələrinin aşkarlanmasında müəyyən artım qeydə alınır. Bu artım əsasən diaqnostik imkanların genişləndirilməsi, aşkarlama səviyyəsinin yüksəldilməsi ilə bağlıdır və təbii proses kimi qiymətləndirilir.

- Gələcək fəaliyyətinizlə bağlı əsas planlarınız nədən ibarətdir?

- Əsas məqsədlərimizdən biri vərəm əleyhinə xidmətin tədricən stasionar xidmətdən ambulator xidmət istiqamətinə yönəldilməsi və ilkin səhiyyə xidməti ilə inteqrasiyanın daha da gücləndirilməsidir. Bu yanaşma xəstələrin müalicə prosesinə daha rahat və davamlı şəkildə cəlb olunmasına imkan yaradır.

Bu məqsədlə tənəffüs sistemi xəstəliklərinin diaqnostikası üçün mobil klinikaların yaradılması, səyyar müayinələrin genişləndirilməsi və əhatə dairəsinin artırılması planlaşdırılır. Eyni zamanda vərəm əleyhinə dərmanların xəstələrin ünvanlarına və ya qeydiyyatda olduqları ilkin səhiyyə xidməti müəssisələrinə çatdırılmasının təmin edilməsi də əsas prioritetlərdəndir.

Bu istiqamətdə beynəlxalq əməkdaşlıq da genişləndirilib. Belə ki, Almaniya, Çin, Hindistan və Yaponiya şirkətləri ilə müqavilələr bağlanılmış və ən müasir tibbi avadanlıqlar Ağciyər Xəstəlikləri Mərkəzinə gətirilib.

Bu avadanlıqlara süni intellekt sisteminə qoşulmuş portativ “X-ray” rentgen cihazları, ağız suyunda vərəm mikobakteriyasının təyin edilməsi üçün nəzərdə tutulan “Truenat” sistemləri, eləcə də qanda immunoferment analizləri vasitəsilə vərəmin aşkarlanmasına imkan verən laborator texnologiyalar daxildir.

- Sonda vətəndaşlara vermək istədiyiniz mesaj nədir?

- Əsas məqsədimiz əhalinin sağlamlığının qorunması, tənəffüs sistemi xəstəliklərinin, xüsusilə də vərəmin vaxtında aşkarlanması və effektiv müalicəsinin təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən bütün islahatlar, yeniliklər məhz vətəndaşlarımızın daha keyfiyyətli və əlçatan tibbi xidmət almasına xidmət edir.

Ağciyər Xəstəlikləri Mərkəzi olaraq daim müasir yanaşmaları tətbiq etməyə, beynəlxalq təcrübədən yararlanmağa və tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə çalışırıq. Kadr potensialının gücləndirilməsi, infrastrukturun yenilənməsi və innovativ texnologiyaların tətbiqi fəaliyyətimizin əsas istiqamətlərindəndir.

Vətəndaşlarımızı sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, profilaktik müayinələrdən vaxtında keçməyə və həkim tövsiyələrinə əməl etməyə çağırırıq. Unutmamalıyıq ki, erkən diaqnostika və vaxtında müalicə sağlam gələcəyin əsas təminatıdır.

Məlumat üçün bildirək ki, N.Rəhmanov Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru təyin edilənədək TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.

O, 1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsil alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur. N.Rəhmanov 1994-2021-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibbi xidmət idarələrində müxtəlif vəzifələrdə çalışıb.

 

 

loader
loader
loader
loader
loader