banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov ABŞ-nin Çikaqo şəhərində keçirilən “RehabWeek” tədbirində iştirak edib

loader

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov ABŞ-nin Çikaqo şəhərində robotik reabilitasiya, süni intellekt tətbiqləri və virtual reabilitasiya sistemləri kimi ən son texnoloji yeniliklərin təqdim olunduğu “RehabWeek” tədbirində iştirak edib.

Bu platforma iştirakçılara fərqli ixtisaslar arasında qarşılıqlı fikir mübadiləsi aparmaq, yeni tədqiqat nəticələrini təqdim etmək və rəy almaq, həmçinin uzunmüddətli elmi-tibbi əməkdaşlıqlar qurmaq imkanı yaradıb.

P.Əkbərov tədbir çərçivəsində “Neyroreabilitasiyada robotik terapiya: texnologiyanın multidissiplinar yanaşmaya inteqrasiyası” və “Robotik reabilitasiyanın gələcəyi: texnoloji yeniliklər, real tətbiqlər, innovativ həllər” təlimlərində iştirak edib.
“RehabWeek” tədbiri və təlimlərlə yanaşı, P.Əkbərov ABŞ-də Çikaqo, Orlando, Vaşinqton, Baltimor, Miami və Boston şəhərlərində rəqəmsal səhiyyə sahəsində lider olan bir sıra xəstəxanaları da ziyarət edib.

“AdventHealth” hospitalında “papion” modelinə əsaslanan liderlik strukturu və “Vision 2030” strateji baxışı təqdim olunub. Xəstəxananın onkoloji və kardioloji institutlarında tətbiq edilən pasiyent mərkəzliliyi ilə seçilən multidissiplinar müalicə modeli, eləcə də pasiyent məlumatlarına çıxışın sadələşdirilməsinə yönəlik “Epic EHR” platforması və “MyAdventHealth” portalı barədə ətraflı məlumat verilib. O, həmçinin multidissiplinar komandalarla keçirilən iclaslarda iştirak edərək, psixi və fiziki sağlamlığın inteqrasiya olunmuş formada təqdim olunmasına şahidlik edib. Radiologiyada və klinik yazıların avtomatlaşdırılmasında süni intellektdən istifadənin praktikaya necə təsir etdiyini izləyib.

“MedStar National Rehabilitation” hospitalında P.Əkbərova reabilitasiya proqramlarının idarəedilməsi və Georgetown Universiteti ilə əməkdaşlıq barədə məlumat verilib. O, burada spinal zədə, insult və travma üzrə komandaların iş prinsiplərini yaxından izləyib. Hospitalda effektiv koordinasiyaya imkan yaradan “MedConnect EHR” və “WebPT” proqramları xüsusi maraq doğurub. P.Əkbərov xəstəxanada komanda toplantılarında iştirak edərək, pasiyentin ailəsi ilə bərabər müalicə prosesinin planlaşdırılmasına necə daxil edildiyini müşahidə edib. Həmçinin “AstrID” görüntüləmə platformasının insult xəstələrində proqnozlaşdırmada tətbiqini yaxından izləyib.

P.Əkbərov “Johns Hopkins” hospitalında akademik və klinik mükəmməlliyin inteqrasiyasına əsaslanan idarəetmə modeli ilə yaxından tanış olub. Burada “Armstrong” İnstitutu vasitəsilə təhlükəsizlik və keyfiyyətə yönəlik yanaşmalar izlənilib. O, onkoloji, uşaq xəstəlikləri və göz institutlarının fəaliyyətini əhatə edən ixtisaslaşmış mərkəzləri də ziyarət edib. “Epic” platformasının sistem boyunca tətbiqi və “Kapasitet” Mərkəzində real vaxtlı idarəetmənin nümunələrini görüb. "Patient-Centered Medical Home" modeli və disçarc planlamasında rol alan bələdçilərlə koordinasiyanın vacibliyini, eyni zamanda “MyChart” platformasında avtomatik cavab sistemləri və süni intellektlə yaradılmış tibbi xülasələrin praktiki istifadəsini izləyib.

İcraçı direktorun müşaviri “Shirley Ryan AbilityLab”-da reabilitasiya sahəsində translational yanaşmanın canlı nümunəsi olan “AbilityLab”-da qərarların tədqiqatla birbaşa əlaqəli şəkildə verildiyinə şahid olub. "İnnovasiya Mərkəzləri" və "Ability Labs" əsaslı təşkilati strukturun klinik və elmi sinerji yaratdığını müşahidə edib. Buradakı “Cerner” platforması ilə inteqrasiya olunmuş sensor əsaslı sistemlər və klinik nəticələrin izlənməsi üçün daxili analitik sistemlərlə tanış olub. Həmçinin hər bir xəstə üçün komanda planlaması, ailə ilə təlimlər və ambulator keçid planlarının strukturlaşdırılmış şəkildə idarə olunması barədə maraqlı məlumatlar verilib. O, süni intellekt ilə idarə olunan protezlər, bionik sistemlər və evdə məşqlər üçün istifadə olunan süni intellekt əsaslı reabilitasiya proqramları ilə də tanış olub.

Floridada yerləşən “Perry Baromedical” şirkətində hiperbarik oksigen terapiyası kameralarının istehsalı ilə tanışlıq baş tutub. Zavodun mütəxəssisləri tərəfindən cihazların texniki göstəriciləri ətraflı şəkildə izah olunub. Onlar kameraların daxili diametri, təzyiq gücü, təhlükəsizlik sistemləri, havalandırma və nəzarət modulları ilə bağlı məlumat veriblər. Mütəxəssislər qeyd ediblər ki, “Perry” kameraları diabetik yaralar, karbonmonoksit zəhərlənməsi, qazlı qanqrena, radiasiya zədələri, osteomielit və insult sonrası hipoksik beyin zədələnməsi kimi müxtəlif pasiyent qrupları üçün tətbiq edilir. “NFPA 99” tələblərinə uyğun sistemlər və fövqəladə hallar üçün avtomatik boşaltma mexanizmləri mövcuddur.

Ümumilikdə, bu səfər müasir səhiyyənin idarə olunması və təşkilati modelləri baxımından dəyərli təcrübələrlə yadda qalıb. ABŞ-nin qabaqcıl xəstəxana və tibbi müəssisələri ilə yerində tanışlıq onu deməyə əsas verir ki, bu modelin uğurunun təməlində tibbi xidmətlərin effektiv təşkili, maliyyə planlaşdırmasının peşəkar səviyyədə qurulması, resursların düzgün bölüşdürülməsi və pasiyent məmnuniyyətinə əsaslanan yanaşma dayanır. Burada xəstələrin məmnuniyyəti və rifahı xidmət keyfiyyətinin qiymətləndirilməsində əsas göstəricilərdən biri kimi dəyərləndirilir. Hər bir xəstə ilə fərdi şəkildə işlənilir, onların tibbi və psixososial ehtiyacları nəzərə alınaraq kompleks xidmətlər göstərilir.

Həmçinin səhiyyənin inkişafında yalnız tibbi avadanlıqlar və innovativ müalicə metodları deyil, həm də idarəetmə sahəsində tətbiq olunan sistemli yanaşmalar və strateji qərarlar mühüm rol oynayır. Xəstəxanaların idarə olunması peşəkar səhiyyə menecerləri, klinik rəhbərlər və səhiyyə administratorları tərəfindən həyata keçirilir. Menecerlər resursların bölüşdürülməsindən pasiyent təcrübəsinin təkmilləşdirilməsinə qədər səhiyyənin bütün idarəetmə mərhələlərində mühüm rol oynayır.

Bu səfər çərçivəsində ABŞ səhiyyə sisteminin əsasını təşkil edən sığorta modelinə dair əyani müşahidələr də xüsusi əhəmiyyət kəsb edib. Tibbi xidmətlərin özəl və dövlət sığorta şirkətləri tərəfindən maliyyələşdirilməsi, xəstəxanaların xidmətlərini həm bu şirkətlərin tələblərinə, həm də pasiyentlərin fərdi ehtiyaclarına uyğun şəkildə təşkil edilməsi, ABŞ modelində maliyyə dayanıqlılığının və xidmət keyfiyyətinin necə təmin olunması əsas məqamlardandır. Ümumiyyətlə, bu təcrübə səhiyyə sahəsində sığorta əsaslı idarəetmə sistemlərinin praktiki üstünlüklərini və tətbiq imkanlarını dərk etmək baxımından faydalı olub.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader