TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə keçirilən “Rəhbərlər üçün rəqəmsal akademiya” proqramının Sinqapurda baş tutan növbəti strateji sessiyasında iştirak edib.
Proqram çərçivəsində Sinqapurun müxtəlif dövlət qurumları və araşdırma mərkəzlərinin aparıcı ekspertləri ilə rəqəmsallaşmanın dövlət idarəçiliyinə təsiri, vətəndaşyönümlü rəqəmsal məhsullar, süni intellekt və kibertəhlükəsizlik kimi məsələlər təhlil edilib, həmçinin iki ölkənin strateji yanaşması ilə bağlı fikir mübadiləsi aparılıb.
Sessiyalar “GovTech”, “AI Singapore”, Sinqapur Şəhərsalmanın İnkişafı Agentliyi və Kibertəhlükəsizlik Agentliyi kimi aparıcı qurumlarla əməkdaşlıqda keçirilib.
Müxtəlif sahələr üzrə aparılan təqdimat və müzakirələrdə rəqəmsallaşma prosesində dövlət siyasətləri, texnologiyanın tətbiqi və insan kapitalının rolu geniş şəkildə təhlil olunub.
Qeyd edək ki, “Rəqəmsal akademiya”nın strateji sessiyasında nazir müavinləri, dövlət qurumları rəhbərlərinin müavinləri və müşavirlər də daxil olmaqla indiyədək 43 dövlət qurumundan 57 nəfər rəhbər kadr iştirak edib. Bu təşəbbüsün davamı olaraq, proqram çərçivəsində bir sıra səfərlər həyata keçirilib. Cari ilin 27-28 yanvar tarixlərində rəhbər şəxslərin iştirakı ilə Almaniya Federativ Respublikasına (Berlin şəhəri) səfər edilib və 23-24 aprel tarixlərində Səudiyyə Ərəbistanı Krallığına səfər nəzərdə tutulub.