“TƏBİB-in ixtisas gündəliyi” proqramının “Diabeti tanı, sağlam yaşa” layihəsi çərçivəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Tovuz Hemodializ və Diaqnostika Mərkəzində Tovuz, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy rayon mərkəzi xəstəxanalarının həkimləri üçün şəkərli diabet və ağırlaşmaları barədə seminar keçirilib.
Seminarda Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Paşa Muradov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Təranə Bayramova, TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri, layihənin tibbi kuratoru Vüsal Yusifov, həmin şöbənin baş məsləhətçisi, layihənin rəhbəri Ceyran Abdullayeva çıxış edərək belə sosial layihələrin keçirilməsinin önəmindən bəhs ediblər. Tədbirdə “Diabeti tanı, sağlam yaşa” layihəsi çərçivəsində ümumilikdə 1470 vətəndaşa 4500-dən çox tibbi xidmət göstərildiyi vurğulanıb.
Seminar paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərin, TƏBİB-in Ekspertlər Qrupunun üzvlərinin çıxışları ilə davam edib.
Respublika Endokrinoloji Mərkəzin (REM) həkim-endokrinoloqu Samirə Xəlilova çıxışında şəkərli diabetin (ŞD) etiologiyasından bəhs edib, hazırda dünyada hər 11 nəfərdən 1-də ŞD-ə rast gəlindiyini, insanların 50 %-dən çoxunun isə diaqnozlarından xəbərsiz olduqlarını, ağırlaşmaların qarşısını almaq üçün erkən diaqnostikanın önəmini vurğulayıb. O, şəkərli diabetin yaranmasına səbəb kimi genetik meyl, piylənmə, stress kimi halların da olduğunu söyləyib.
REM-in həkim-nevroloqu Aynurə Hacıyeva “Diabetik polineyropatiya” mövzusunda çıxış edərək, neyropatiyaların müstəqil xəstəlik olmadığını, müxtəlif faktorların səbəbindən sinirlərin zədələndiyini, diabetik polineyropatiyaların 1-ci tip ŞD-lərdə 5 ildən sonra, 2-ci tp ŞD-də isə həmin ildən yarandığını deyib.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-nefroloqu Gülər Gəncəliyeva “Diabetik nefropatiyalı xəstələrə yanaşma” adlı çıxışında xroniki böyrək xəstəliyinin əsas səbəblərindən biri kimi şəkərli diabetin olduğunu bildirib. O, bu xəstəliyin 1-ci tip ŞD-də 10 faiz, 2-ci tip ŞD-də isə 90 faiz hallarda rast gəlindiyini vurğulayıb.
Respublika Klinik Xəstəxanasının ümumi cərrahı Məqsəd Bədirov “Diabetik angiopatiya” mövzusunda təqdimatla çıxış edərək hər 10 pasiyentdən 1-də diabetik ayaq yaraları ilə qarşılaşdıqlarını söyləyib. O, diabetik ayaq problemlərinin müalicəsinin bir komanda işi olduğunu vurğulayaraq yalnız ümumi cərrahların deyil, endokrinoloq, infeksionist, ortoped, damar cərrahının da bu müalicələrə cəlb olunduğunu deyib.
Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.
“Diabeti tanı, sağlam yaşa” layihəsi çərçivəsində müayinə və müalicələrin təyin olunması tədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi üçün söhbətlər aparılıb, xəstəliklərin ağırlaşmalarının qarşısının alınmasında erkən diaqnostikanın önəmi vurğulanıb.