TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin təşkilatçılığı, Daxili nəzarət və monitorinq departamentinin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit şöbəsinin dəstəyi ilə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan tədbirlər çərçivəsində tibb müəssisələrində çalışan əməkdaşlar arasında sağlam psixososial iş mühitinin təşviqi və bu sahədə məlumatlandırmanın artırılması məqsədilə “Sağlam psixososial iş mühitinin təmin olunması” mövzusunda onlayn təlim təşkil olunub.
Təlim çərçivəsində iş yerində psixososial risklər, stres və iş yükünün idarə olunması, sağlam iş mühitinin formalaşdırılması, effektiv kommunikasiya və işçi rifahının qorunması ilə bağlı mövzular üzrə maarifləndirilmə aparılıb.
Təlimçi qismində Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit şöbəsinin məsləhətçisi Şükufə Cabbarova təqdimatla çıxış edərək qeyd olunan istiqamətlər üzrə tabeli tibb müəssisələrində çalışan həkimlər, orta tibb işçiləri və qeydiyyatçılara ətraflı məlumat verib.
Vebinarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkimləri, baş tibb bacıları, şöbələrin böyük tibb bacıları, eləcə də qeydiyyatçılar iştirak edib. Ümumilikdə 450-dən çox əməkdaşın qatıldığı vebinar geniş maraqla qarşılanıb və sual-cavab sessiyası ilə yekunlaşıb.