Layihə çərçivəsində 100-dən çox şəhid ailəsi üzvü tibbi müayinələrə cəlb olunub.
Vətən müharibəsinin 6-cı ildönümü münasibətilə keçirilən “Zəfər əmanətlərinə qayğı ilə” sağlamlıq həftəsi layihəsi başa çatıb.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşəbbüsü, TƏBİB və YAŞAT Fondunun dəstəyi ilə Yeni Klinikada təşkil olunan layihə çərçivəsində 100-dən çox şəhid ailəsi üzvü tibbi müayinələrə cəlb olunub. Layihənin əsas məqsədi şəhid ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların ixtisaslı tibbi xidmətlərə əlçatanlığını artırmaq olub.
Layihənin yekun tədbirində çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Rəşad Məhərrəmov şəhid ailələrinin sağlamlığının qorunmasının dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. O, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən işləri qeyd edərək Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının 1829-dan 3318-ə çatdırıldığını bildirib.
TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva və Yeni Klinikanın direktoru Zəhra Vəzirova da çıxışlarında layihənin əhəmiyyətini, profilaktik müayinələrin və tibbi xidmətlərin əlçatanlığının vacibliyini vurğulayıblar.
Tədbirdə müharibə iştirakçılarına və şəhid ailələrinin üzvlərinə xidmət göstərmək məqsədilə TƏBİB-in tabeliyindəki 71 tibb müəssisəsində 159 koordinatorun fəaliyyət göstərdiyi deyilib. Həmçinin hesabat dövründə icbari tibbi sığorta hesabına TƏBİB tabeli tibb müəssisələrində Vətən müharibəsi iştirakçılarına ümumi 439953 müraciət əsasında 879232 ambulator və 284298 stasionar tibbi xidmət, şəhid ailəsi üzvlərinə isə 221348 müraciət əsasında 601632 ambulator və 108575 stasionar tibbi xidmət, habelə 55180 və 1619 psixoloji xidmət göstərilməsi barədə məlumat verilib.
Qeyd olunmalıdır ki, sözügedən aksiya çərçivəsində iştirakçılar terapevt, oftalmoloq, ginekoloq və kardioloq müayinələrindən keçib, tibbi göstərişlərə uyğun laborator və instrumental-diaqnostik müayinələrdən yararlanıblar.
