TƏBİB-in həyata keçirdiyi “Mentor Klinika” layihəsi çərçivəsində Şəki və Lənkəran rayon mərkəzi xəstəxanalarında fəaliyyət göstərən tibb bacıları üçün Yeni Klinikada təşkil olunan təlim-təcrübə proqramı uğurla tamamlanıb.
Təlim və praktiki məşğələlər müddətində iştirakçılar tibb müəssisəsinin Ümumi cərrahiyyə, Təcili və təxirəsalınmaz tibbi yardım, Əməliyyatxana və digər müvafiq şöbələrində həyata keçirilən iş prosesi ilə yaxından tanış olublar. Onlar nəzəri sessiyalarla yanaşı, real klinik şəraitdə tibb bacılarının fəaliyyət prinsiplərini müşahidə etmək imkanı əldə ediblər.
Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin rəhbərliyi ilə həyata keçirilən proqramda ümumilikdə 12 tibb bacısı iştirak edib.
Təlim-təcrübə proqramı çərçivəsində müxtəlif sahələr üzrə mütəxəssislər tərəfindən seminarlar təqdim olunub.
Laboratoriya şöbəsinin müdiri Mətanət Məsməliyeva “Qan nümunələri ilə çalışma qaydaları”, baş tibb bacısı Sevinc Namazova “Dərman vasitələrinin hazırlanması – təhlükəsizliyin idarə olunması”, “Tibb bacılarının səlahiyyətləri, vəzifələri və məsuliyyəti”, “Narkotik vasitələrinin saxlanılma və istifadə qaydaları”, İPİN-in tibb bacısı Günel Sadıqova isə “Mərkəzi venoz kateterlə bağlı infeksiyanın qarşısının alınması” mövzularında təlimlər keçiblər.
Proqramın sonunda təlimlərdə iştirak edən tibb bacıları göstərdikləri fəallığa görə sertifikatla təltif olunublar.
Məlumat üçün bildirək ki, TƏBİB-in “Mentor Klinika” layihəsi tibbi xidmətlərin keyfiyyətinin artırılması, region əhalisinin ixtisaslaşdırılmış tibbi yardıma əlçatanlığının genişləndirilməsi, səhiyyə resurslarından səmərəli istifadənin təmin edilməsi və tibbi müəssisələr arasında koordinasiyanın gücləndirilməsi məqsədilə həyata keçirilir. Layihə həmçinin regionlarda tibbi xidmətlərin çeşidinin və davamlılığının artırılmasına xidmət edir.